Azərbaycanda yeni nəsil islahatlara start verilib və növbəti strateji dövr üçün milli prioritetlər müəyyən edilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.
T. Kazımov bildirib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına və Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə yönəlib. Qeyd olundu ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə EBRD ilə əməkdaşlıq daim mühüm rol oynayıb.
AMB sədri əminliklə deyib ki, EBRD strateji tərəfdaş kimi bu islahatlarda da Azərbaycana dəstək göstərəcək.
Görüş zamanı T. Kazımov ölkəmizin EBRD ilə uzunmüddətli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Sonra ölkədə mövcud iqtisadi vəziyyət, o cümlədən maliyyə sektorunda görülən işlər barədə məlumat verərək bildirib ki, qlobal bazarlarda baş verən mürəkkəb proseslər, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklərə baxmayaraq ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub.
Odil Reno-Basso öz növbəsində EBRD-in Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd etdi. Bildirdi ki, yaranmış qlobal iqtisadi təhdidlərlə mübarizə şəraitində ölkədə həyata keçirilmiş islahatlar uğurla davam etdirilir. Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir. Ölkədə EBRD-in dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən müvafiq islahatlara bundan sonra da dəstək veriləcəyini ifadə edib.
Görüşdə Mərkəzi Bank ilə EBRD arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.
