“Meqa Həyat Sığorta" şirkəti növbəti 3 ilə hədəfini açıqlayıb

Maliyyə
  • 11 oktyabr, 2022
  • 07:48
“Meqa Həyat Sığorta şirkəti növbəti 3 ilə hədəfini açıqlayıb

Azərbaycan sığorta bazarında 2020-ci ildə fəaliyyətə başlayan “Meqa Həyat Sığorta" şirkəti növbəti 3 ilə həyat sığortası bazarında yığımlar üzrə xüsusi çəkisini 10 %-nə çatdırmağı planlaşdırır.

Bu barədə "Report" “Meqa Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Uğur İbrahimli bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə şirkətin sığorta yığımları 2 milyon manatdan artıq olacağını proqnozlaşdırırıq.

"Hazırda “Meqa Həyat Sığorta"nın sığorta haqları 1,6 milyon manat təşkil edir. Ötən il bu rəqəm 500 min manat idi, bu ildə isə məhsulların sayının artırılması hesabına 4 dəfə artırmağı planlaşdırırıq. Artıq həyatın yaşam sığortasına başlamışıq. Bu Azərbaycan sığorta bazarında üçün çox unikal bir məhsuldu, tətbiq olunan güzəştləri (əməkhaqqıdan çıxılan vergi və sosial sığorta ödənişləri hesaba qayıdır) nəzərə alaraq.

Bundan başqa mövcud məhsullar üzrə yeni müştərilər cəlb olunur, istər icbari, istər isə ipoteka krediti götürənin həyat sığortası üzrə müştərilərin sayında artım var", - U. İbrahimli qeyd edib.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır.

"Meqa Həyat Sığorta" ASC 2021-ci ili 182 min manat xalis mənfəətlə başa vurub. Bu, 2020-ci illə müqayisədə 3,3 dəfə azdır.

Bu il yanvarın 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 12,112 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 155,5 dəfə artaraq 475 min manata, balans kapitalı isə 1,4 % artaraq 11,637 milyon manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 332,222 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,3 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 17,1 % azalaraq 159,785 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-avqust aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin yanvar-avqsut aylarında 73,9 manat olub.