​Mehmet Eroğlu: "Türkiyədə nəqliyyat vasitələrinin sığortası sərfəli deyil"

​Mehmet Eroğlu: "Türkiyədə nəqliyyat vasitələrinin sığortası sərfəli deyil" Sığorta şirkətləri ötən il avtomobil sığortasından 2,5 mlrd. dollar zərər edib
Maliyyə
24 İyun , 2016 11:15
​Mehmet Eroğlu: Türkiyədə nəqliyyat vasitələrinin sığortası sərfəli deyil

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyədə nəqliyyat vasitələrinin sığortası üzrə zərərlilik 2015-ci ildə 138% təşkil edib. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş "Avtomobil sığortası" adlı seminarda Türkiyə Sığortaçılar Assosiasiyasının baş katibi Mehmet Akif Eroğlu deyib.

Onun sözlərinə görə, ayrıca kasko sığortası üzrə ödəniş/yığım nisbəti 72% olub. Son nəticədə Türkiyənin sığorta şirkətləri ötən il avtomobil sığortasından nəinki gəlir əldə etməyib, əksinə, təxminən 2,5 mlrd. dollara yaxın zərər edib.

M.Eroğlu bunu Türkiyə məhkəmələrinin çıxardığı qərarlarla izah edib: "Məhkəmələrin sığorta hadisələrinə görə ödənişlərlə bağlı qəbul etdiyi qərarlar aktuar hesablamalarına əsaslanmır, sığorta şirkətlərindən lazım olandan artıq məbləğin ödənilməsi tələb edilir. Bundan başqa, yol hərəkəti qaydalarını pozan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edən sürücülərə də məhkəmə kompensasiya ödənilməsinə qərar verir. Buna görə də, sığorta şirkətləri avtomobil sığortasından demək olar ki, pul qazana bilmir".

Onun sözlərinə görə, vəziyyəti dəyişmək üçün Türkiyədə sığorta qanunvericiliyinə dəyişiklik edilməsi gözlənilir: "Yalnız bundan sonra sığorta şirkətlərinin avtomobil sığrtası sahəsində mənfəətlə işləyə biləcək".

Hazırda Türkiyədə 20 mln. nəqliyyat vasitəsi var və bunun təxminən 80%-i sığorta ilə əhatə olunub.

Son xəbərlər

Orphus sistemi