Bu gün Maliyyə Nazirliyində 2021-ci ilin dövlət büdcəsinin icrası və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, iclası giriş sözü ilə açan nazir, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2021-ci il sosial-iqtisadi inkişaf baxımından xalqımız və dövlətimiz üçün uğurlu il olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü siyasət sayəsində ölkə iqtisadiyyatı koronavirus (COVİD-19) pandemiyasının mənfi təsirlərini, 2020-ci ildə yaşanmış iqtisadi tənəzzülü geridə qoyaraq inamlı iqtisadi bərpa yoluna qayıdıb, iqtisadi kiçilməni makroiqtisadi proqnozlardan daha yaxşı göstərici nümayiş etdirməklə cəmi bir il ərzində - 2021-ci ildə bərqərar etməyə nail olub.
Nazir büdcə təşkilatlarında qanunvericiliyin tələblərinə uyğun mühasibat uçotunun təşkilinin vacibliyini vurğulayıb, mühasiblərin peşəkarlığının artırılmasının artıq günün tələbi olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə əsasən büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və yaxudbirləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Bu baxımdan dövlət büdcəsindən maliyyələşən iri qurumlarda çalışan mühasibat işçilərinin təyinatı zamanı onların mühasibatlıq üzrə müasir bilik və bacarıqlara malik olmaları və müvafiq standartlara cavab vermələri əsas şərt kimi qoyulmalıdır.
İclasda kollegiyanın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.