Bu gün Maliyyə Nazirliyində 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclası keçirilib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin, habelə Vətən müharibəsində iştirak etmiş Nazirlik əməkdaşlarının iştirakı ilə keçirilən kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci il dövlətçilik və müstəqillik tarixinə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın tam azad edilməsi ili kimi həkk olunub.
Kollegiya iclasında Vətən müharibəsində iştirak etmiş Nazirlik əməkdaşları barədə məlumat verilib. Bildirilib ki, səfərbərlik çərçivəsində Nazirlik sistemində müxtəlif vəzifələrdə çalışan 17 əməkdaş Vətən müharibəsinə qatılıb, ərazi bütövlüyümüzün bərpası uğrunda şərəfli döyüş yolu keçiblər.
S.Şərifov Azərbaycanın haqq savaşında yüksək vətənpərvərlik göstərən əməkdaşlara öz təşəkkürünü bildirib, onların Nazirlik sistemində nizam-intizamlı, bacarıqlı və işgüzar kadrlar olmaqla yanaşı, döyüş meydanında da cəsur əsgər kimi özlərini şərəflə doğrultduqlarını vurğulayıb. Təsadüfi deyil ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 6 nəfəri dövlət başçısının sərəncamları ilə müxtəlif medallarla təltif olunub. Hətta 1 nəfər - Ağdaş Rayonu üzrə Maliyyə Şöbəsinin əməkdaşı Əlibala Manafov dövlət başçısının sərəncamları ilə 4 medalla təltif olunub.