Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı bu ilin I yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb, 1 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyətini təftiş edib, eləcə də regional maliyyə müfəttişlikləri bir neçə şəhər və rayonda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, aparılmış nəzarət tədbirləri ilə aşkar olunan 693,5 min manat məbləğində artıq və əsassız ödənişlərin 173,2 min manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib, bir halda 2021-2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin 322,5 min manat məbləğində hissəsi azaldılaraq xərclənməsinin qarşısı alınıb.
Hesabat dövründə Xidmətin əməkdaşları prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda aparılan yoxlamalarla aşkar olunan 24 625,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 303,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslərin hesabına bərpasını təmin edib, aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi və artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi məqsədilə aparılmış nəzarət tədbirlərinin nəticələrinə dair tərtib edilmiş sənədləri aidiyyəti üzrə göndərib.
Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları 6 qurumda zəruri araşdırmalar aparıb, cəmi 43,9 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədləri müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərib.
Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 76 nəfər vəzifəli şəxsə 54,4 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Ümumilikdə, 2021-ci ilin I yarısında aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 25 363,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 477,4 min manatının yoxlamaların gedişində təqsirkar şəxslərin hesabına bərpası təmin edilib.