“Kapital Bank”ın aktivləri 7 milyard manata çatıb
- 19 aprel, 2022
- 06:34
“Kapital Bank” ASC bu ilin I rübünü 50,405 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,2% azdır.
Yanvar-mart aylarında “Kapital Bank”ın gəlirləri 227,694 milyon manat (illik müqayisədə 33,5% çox), xərcləri 122,808 milyon manat (53,7% çox), xüsusi ehtiyatlara ayırmaları 38,8 milyon manat (83,1% çox), mənfəət vergisi ödəmələri isə 15,68 milyon manat (12,7% çox) təşkil edib.
Bu il aprelin 1-nə “Kapital Bank”ın aktivləri 6 934,685 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,1% çoxdur. Bunun 2 524,964 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,3% böyüyüb.
Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 30,1% artaraq 6 387,081 milyon manata, o cümlədən depozit portfeli 34,7% artaraq 5 476,77 milyon manata çatıb, balans kapitalı isə 19,3% azalaraq 547,604 milyon manata düşüb.