Bu ilin yanvar-iyun aylarında İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 95,8 milyon manat olub.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyini açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.
Sənəddə deyilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
Hesabat dövründə Fondun büdcəsinin xərcləri 79,7 milyon manat olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.
Xatırladaq ki, Fonda işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5 %-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5 %-i sığorta haqqı ödənilir. Sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinin 50 %-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 %, sığorta stajı 10 ildən yuxarı olduqda 60 % məbləğində işsizliyə görə aylıq sığorta ödənişi verilə bilər.