IMF ÜDM proqnozunu artırdı

IMF ÜDM proqnozunu artırdı Bu il dünya ÜDM-si 4,4 faiz azalacaq, gələn il isə 5,2 faiz artacaq.
Maliyyə
13 Oktyabr , 2020 18:20
IMF ÜDM proqnozunu artırdı

Bu il dünya ÜDM-si 4,4 faiz azalacaq, gələn il isə 5,2 faiz artacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) dünya iqtisadiyyatının inkişafına dair oktyabr ayındakı hesabatında bildirilir.

Hesabata görə, dərin resesiyada olan dünya iqtisadiyyatı aprel ayında yuvarlandığı uçurumdan çıxmağa başlayıb. Bununla belə COVID-19 virusu hələ də yayıldığı üçün bir çox ölkələr karantin məhdudiyyətlərini ləğv etməyi dayandıraraq belə tədbirləri bərpa etməyə başlayıb. Belə ki, dünya iqtisadiyyatının pandemiyadan əvvəlki fəaliyyət səviyyələrinə uzun-uzadı qayıdışının hələ də tərəddüdlərlə müşayiət olunduğu bildirilir.

IMF-nin dünya ÜDM-silə bağlı cari ilə dair proqnozu iyun ayındakına nisbətən 0,8 faiz bəndi artırılaraq 2021-ci ilə dair 0,2 faiz bəndi azaldılıb. Bu da cari ilin ikinci rübündə ÜDM artımının gözlənildiyindən daha çox olması ilə bağlıdır. Həmin artım daha çox may – iyun aylarında məhdudiyyətlər yumşaldıqdan sonra iqtisadiyyatın daha tez bərpa olmağa başladığı, üçüncü rübdə də bu prosesin davam etdiy inkişaf etmiş ölkələrdə qeydə alınıb.

“İqtisadi artım proqnozlarına görə, bu il və 2021-ci ildə həm inkişaf etmiş, həm də inkişaf edən ölkələrdə istehsalat xeyli azalacaq, işsizlik səviyyəsi isə artacaq”, - deyə sənəddə qeyd olunur.

Həmçinin 2021-ci ildə dünya iqtisadiyyatı dirçələndən sonra orta perspektivdə artım sürəti bir qədər səngiyərək 3,5 faizə yaxın olacağı bildirilir.

İnkişaf etmiş ölkələrdə ÜDM bu il 5,8 faiz azaldıqdan (iyun proqnozuna nisbətən 2,3 faiz bəndi çox) sonra gələn il 3,9 faiz artacaq (0,9 faiz bəndi az). Bu il ÜDM azalması İspaniyada 12,8 faiz, İtaliyada 10,6 faiz, Fransa və Böyük Britaniyada 9,8 faiz, gələn il artımı isə İspaniyada 7,2 faiz, Fransada 6 faiz, Böyük Britaniyada 5,9 faiz səviyyəsində güman edilir.

Həmçinin inkişaf edən ölkələrdə ÜDM cari ildə 3,3 faiz azaldıqdan sonra (iyun proqnozundakına nisbətən 0,2 faiz dərəcəsi az) 2021-ci ildə 6 faiz artacaq (0,2 faiz bəndi çox). Bu qəbildən olan ölkələr arasında cari ildə Hindistanda ÜDM 10,3 faiz, Meksikada 9 faiz, Cənubi Afrika Respublikasında 8 faiz azalacaqsa, gələn il Hindistanda 8,8 faiz, Çində 8,2 faiz, Meksikada 3,2 faiz artacağı gözlənilir.

IMF-nin baş iqtisadçısı Gita Qopinat hazırkı böhranın başa çatmasına hələ çox qaldığını qeyd edib: “Görünür, bu böhran orta perspektivdə də fəsadlar qoyacaq, çünki bazarların dirçəlməsi üçün vaxt lazımdır, sərmayələr qeyri-müəyyənlik üzündən artmır, məktəblərdə tədrisin dayanması isə insan kapitalına ziyan vurur”.

Son xəbərlər

Orphus sistemi