İMF: Asiyanı iqtisadi tənəzzül gözləyir

İMF: Asiyanı iqtisadi tənəzzül gözləyir Bu il Asiya iqtisadiyyatı əvvəllər güman edildiyi kimi, 1,6 faiz yox, 2,2 faiz kiçiləcək.
Maliyyə
23 Oktyabr , 2020 13:00
İMF: Asiyanı iqtisadi tənəzzül gözləyir

Bu il Asiya iqtisadiyyatı əvvəllər güman edildiyi kimi, 1,6 faiz yox, 2,2 faiz kiçiləcək.

“Report” CNBC-yə istinadən xəbər verir ki, İMF-nin proqnozuna görə, regiondakı iqtisadi kiçilmə daha çox maliyyə və biznes əməliyyatlarının bütövlükdə azalması, həmçinin koronavirus pandemiyası ilə bağlıdır.

Ən çətin vəziyyətin yarandığı bildirilən üç ölkədən Hindistanda cari maliyyə ilində (2021-ci ilin 31 martında başa çatır) iqtisadi kiçilmənin 10,3 faiz, Filipinlərdə 8,3 faiz, Malayziyada 6 faiz həddində olacağı bildirilir. Regionda iqtisadi artım gözlənilən yeganə ölkə Çindir.

Bu il 2 faiz həddində artım güman edilən Çin iqtisadiyyatı daşınmaz əmlaka qoyulan sərmayələr və ixracatın, ilk növbədə tibbi mal və ləvazimatlar, qoruyucu vasitələr, dərmanlar, məsafədən işləmək üçün İKT cihazları satışlarının kəskin artması sayəsində buna nail olub.

Qeyd edək ki, hazırda Çində sənaye istehsalı son 10 ilin ən yüksək səviyyəsinə çatıb ki, bu da iqtisadiyyatın dirçəlməsinə əyani sübut kimi dəyərləndirilir. “İnvesco” sərmayə şirkətinin ekspertlərinə görə məhz Çin iqtisadiyyatının yoluna qoyulması regionun qalan ölkələrində də bənzər prosesə təkan verəcək.

Bu ayın əvvəlində “Goldman Sachs” sərmayə bankının ekspertləri məhz Asiya regionunun iqtisadiyyatı pandemiyanın fəsadlarından sonra bərpa etmək üçün daha əlverişli şərtlərə malik olduğunu bildirmişdilər. Bu şərtlərin ən əhəmiyyətlisi Asiya ölkələrində epidemioloji vəziyyətin nisbətən tez və səmərəli şəkildə nəzarətə götürülməsidir.

Son xəbərlər

Orphus sistemi