İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 22 %-dən çox artırılır
- 23 oktyabr, 2026
- 09:29
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 1 milyard 100 milyon manatı və yaxud 2,6 %-i İcbari Tibbi Sığorta Fonduna ayırmaların payına düşəcək.
"Report" bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 22,2 % çoxdur.
Ölkədə icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 %, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 %, sığortaolunan tərəfindən əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 %, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 % miqdarında icbari tibbi sığorta haqqı ödənilir.
Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və onlar üzrə minimum aylıq əməkhaqqının 4 %-i miqdarında icbari tibbi sığorta haqqı ödənilir.
Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə gəlincə, onlara münasibətdə sığortalı qismində bu şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər və həmin sığortaolunanlar üzrə – gəlirlərinin 8 000 manatadək olan hissəsinin 2 %-i, 8 000 manatdan yuxarı olan hissəsinin 1 %-i miqdarında ödəniş müəyyənləşdirilib.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.