İcbari Sığorta Bürosunun (İSB) rəhbərliyi və qurumun əməkdaşları “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.
Bu barədə “Report”a qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, İSB-nin əməkdaşlarının əsgərlərə ünvanladığı məktublarda Silahlı Qüvvələrin Qarabağın azadlığı uğrunda apardığı döyüşlərdən qürur hissi ilə bəhs edilib. Mənfur düşmənə qarşı göstərdikləri rəşadətli mübarizəyə görə Azərbaycan əsgərinə minnətdarlıq ifadə olunub:
"Şanlı və müzəffər Azərbaycan əsgərinə məktublar “Qarabağın ən böyük sığortaçısı Azərbaycan əsgəridir!” devizi ilə yazılıb.
Xatırladaq ki, “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.
İnanırıq ki, bu təşəbbüslər ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacaqdır.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!