Bakı. 31 oktyabr. REPORT.AZ/ “Ölkənin maliyyə sektorunda mühüm islahatların reallaşması lazımdır. Növbəti dövrdə də qiymət sabitliyi AMB-nin əsas hədəflərindən olacaq”.
"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bu gün keçirilən təqdimatında bildirib.
Onun sözlərinə görə, inflyasiyanın hədəflənməsi rejiminə keçid proqramı bu ilin sonuna yekunlaşacaq.
E.Rüstəmov qeyd edib ki, AMB-nin məqsədlərdən biri də daxili maliyyə bazarlarının aktivləşdirilməsi ilə bağlıdır: "Uzunmüddtəli gələcəyə baxışımz pozitivdr. İslahatlar proqramı imkan verir ki, gələcəyə optimist baxaq. Biz əminik ki, bütün tapşırıqların öhdəsindən gələcəyik".
AMB-nin sədri bildirib ki, Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) ölkədə dövlət-özəl əməkdaşlığının nümunəvi modelinin yaradılmasında özünəməxsus rol oynayıb. "AMCHAM-a üzv olan "Mastercard" quruculuq, islahat proseslərində etibarlı tərəfdaşdır. Ona görə də bu layihə də ona tapşırılıb".
O, rəqəmsallaşmanı iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri adlandırıb. E.Rüstəmov əlavə edib ki, artıq rəqəmsallaşma həm də dövlətlərarası rəqabətin əsas əlamətlərindən birinə çevrilib: "Bu layihənin reallaşması iqtisadiyyatın inkişafına önəmli töhvə verəcək. Dövriyyədə nağd ödənişlərin payı azalacaq".
Baş bankirin sözlərinə görə, iqtisadi göstəricilər 4-cü rüb üçün pozitiv zonadadır: "İqtisadiyyatın başlıca sektorlarında artım görürük. Qeyri-neft ixracının artması da göstərir ki, iqtisadiyyatın diversifikasiyası üzrə işlər nəticə verir. Yaxın illərdə makroiqtisadi dayanıqlığın davam edəcəyi gözlənilir".