Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 5 məqsədli büdcə fondu üzrə 2021-ci ilin sonuna qalıq ümumilikdə 38,6 milyon manat olmaqla (aidiyyəti üzrə köçürülmüş vəsait nəzərə alınmaqla) hesabat ilinin əvvəli ilə müqayisədə 6,7 milyon manat və yaxud 20,9 % artmaqla ekoloji məsələlərin həllinə yönəldilməyib və istifadəsiz qalıb.
“Report” xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində öz əksini tapıb.
"Fondların son 10 ildə gəlir və xərclərinin təhlili göstərir ki, ilin sonuna maliyyə vəsaitlərinin qalığı 2018-ci ilin sonundan surətlə davamlı olaraq artıb. Artım Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun gəlirlərinin əvvəlki illərlə müqayisədə dəfələrlə artmasına baxmayaraq xərclərinin aşağı səviyyədə icra edilməsi hesabına yaranıb.
2021-ci ildə ETSN-in 5 fondu üzrə illik cəmi 11,05 milyon manat vəsait daxil olub. Əvvəlki illərdə olduğu kimi 2021-ci ildə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət sahəsinə aid olan məqsədli büdcə fondlarının gəlirlər və xərclər icrasına təqdim edilmiş hesabatlarda gəlirlər hissəsində daxilolmalar bir qayda olaraq cəm şəklində göstərilərək daxilolma istiqamətləri və mənbələr (cərimələr, iddia məbləğləri və ödəmələr) üzrə ayrıca verilməyib.
Fondlar üzrə il ərzində daxil olan vəsaitin cəmi 37,1%-i və yaxud 4,1 milyon manatı ekoloji tədbirlərə xərclənib ki, bu da fondların yaradılması zamanı normativ aktlarla onların qarşısına qoyulan məqsəd və tədbirlərin (o cümlədən təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə, təbii ekoloji sistemlərin bərpasına, meşələrin bərpasına və meşəsalma işlərinə və sairə) tam yerinə yetirilməsinə imkan verməyib.
Fondların gəlirləri və xərcləri arasında qeyri-mütənasibliyin olması, xərclərin icra səviyyəsinin aşağı olması, fondların vəsaitlərinin istifadə istiqamətlərinə uyğun olaraq müvafiq ekoloji istiqamətlərdə fəaliyyətlərin və tədbirlərin maliyyələşdirilməsinə sərf olunması üzrə nəzərdə tutulan vəsaitin istifadəsiz qalması və bəzi hallarda belə fəaliyyətlərin büdcə vəsaiti hesabına həyata keçirilməsi, fondların vəsaitlərinin istifadəsinin səmərəli olmadığını göstərən risk amili kimi qiymətləndirilə bilər", - deyə sənəddə qeyd olunub.