Azərbaycanda təbii resursların idarə olunması baxımından fiskal dayanıqlılıq və borc dayanıqsızlığı problemi aktualdır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Auditorlar Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, akademik müstəvidə fiskal dayanıqlığın altı, hətta son dövrlərdə yeddi forması müəyyən edilib.
Fiskal dayanıqlılığı üçün fiskal intizamın vacibliyini vurğulayan Z.Vəliyev, bunun üçün güclü fiskal institutların mövcud olmasının önəmini qeyd edib: "Ölkədə ortamüddətli xərclər çərçivəsi, büdcə qaydaları, fəaliyyət büdcəsi və borcun idarə olunması strategiyası kimi institut və mexanizmlər formalaşıb. 2016-cı ildən etibarən bu sahədə islahatlar həyata keçirilir və peşəkar yanaşma tətbiq olunur".
Z.Vəliyev strateji planlaşdırmanın dövlət maliyyəsinin idarə olunmasında yeni bir çağırış olduğunu bildirib. Onun sözlərinə görə, hökumət bu istiqamətdə ciddi addımlar atır, strateji planlaşdırma dövlət proqramlarının əsasıdır: "Strateji planlaşdırma həm də auditin əsas hədəflərindən biridir. Hesablama Palatası Strateji Planlaşdırma institutunun tətbiqi və qiymətləndirilməsində İNTOSAİ-nin İnkişaf Təşəbbüsü metodologiyasından istifadə edir”.
Performans auditinin əsas məqsədinin dövlət xərclərinin səmərəliliyini qiymətləndirmək olduğunu bildirən şöbə müdiri, bu sahədə İNTOSAI metodologiyasına uyğun keyfiyyətə nəzarət sisteminin tətbiq olunduğunu əlavə edib.
Z.Vəliyev dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın təmin olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Hesablama Palatası Açıq Büdcə İndeksi üzrə dünyada maksimal bal alan üç ali audit qurumundan biridir. Bundan əlavə, Dünya Bankının müstəqillik indeksində Hesablama Palatası ikinci yeri tutur.
"Dövlət maliyyəsini idarəetmə sahəsində 64 diaqnostik alət mövcuddur. Bu alətlərin tədrisə daxil edilməsi tövsiyə olunur ki, diaqnostik yanaşma inkişaf etsin. Pakistan da bizim maliyyə sahəsindəki fəaliyyətimizə yüksək qiymət verib və bu, beynəlxalq səviyyədə uğurumuzun göstəricisidir", – deyə o bildirib.