Avropa Mərkəzi Bankı (ECB) gözlənildiyi kimi əsas faiz dərəcələrini eyni səviyyədə saxlayıb.
"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, uçot dərəcəsi 4,5 %, depozitlər üzrə faiz dərəcəsi 4 %, marjinal kredit xətti üzrə faiz dərəcəsi isə 4,75 % qalıb.
"ECB-nin İdarə Heyəti illik inflyasiyanın 2 %-lik hədəfə qaytarılması siyasətinə sadiqdir. Qurumda hesab edir ki, əsas faiz dərəcələri uzun müddət bu səviyyədə saxlanılarsa, sözügedən məqsədə nail olmaq üçün əhəmiyyətli töhfə verəcək", - deyə məlumatda qeyd olunub.
Analitiklər və bazar iştirakçıları ötən gün sorğu keçirərək, ECB-nin öz tarixində əsas faiz dərəcələrinin artırılmasının ən aqressiv tsiklinə fasilə verəcəyini və onları dəyişməyəcəyini gözləyirdilər.
Xatırladaq ki, ECB sentyabrda uçot dərəcəsini 4,25 %-dən 4,5 %-ə, depozitlər üzrə faiz dərəcəsini 3,75 %-dən 4 %-ə, marjinal kredit xətti üzrə faiz dərəcəsini isə 4,5 %-dən 4,75 %-ə çatdırıb.