EBRD Azərbaycanın mebel istehsalçısına 7 milyon dollar kredit ayırmaq istəyir

Maliyyə
  • 03 iyul, 2025
  • 13:22
EBRD Azərbaycanın mebel istehsalçısına 7 milyon dollar kredit ayırmaq istəyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın mebel istehsalçısı və distribütoru olan "Saloglu Holding" MMC-yə manat ekvivalentində 7 milyon ABŞ dolları kredit ayırmağı planlaşdırır.

"Report" EBRD-yə istinadən xəbər verir ki, kredit iki tranşa bölünəcək: məqsədli - 4 milyon ABŞ dolları və məqsədsiz - 3 milyon ABŞ dolları.

Vəsaitin kapital qoyuluşlarına və dövriyyə kapitalının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Gözlənilir ki, EBRD-nin kredit resursları istehsal güclərinə və ticarət infrastrukturuna investisiyalar hesabına şirkətin məhsuldarlığını və gəlirliliyini artıracaq, həmçinin milli valyutada uzunmüddətli maliyyələşdirmə sayəsində onun maliyyə dayanıqlığını gücləndirəcək.

Layihənin ümumi dəyəri 8 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.

EBRD-nin Azərbaycandakı cari kredit portfeli mayın 31-nə 991 milyon avro məbləğində qiymətləndirilir. Ümumilikdə EBRD Azərbaycanda 198 layihənin həyata keçirilməsinə 3,783 milyard avrodan çox investisiya yatırıb. Bankın kumulyativ ödənişləri 3,132 milyard avro təşkil edib.

Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % (43 milyon avro) çoxdur.