EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 07 mart, 2024
  • 13:39
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Bu il fevralın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 189 layihəyə ümumilikdə 3,694 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Yanvarın 1-nə bankın açıqladığı göstəricilərə nisbətən, Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 70 milyon avro artıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı dəyişməyərək 26 % olub.

Hazırda bankın Azərbaycan üzrə portfelində 31 aktiv layihə (dəyişməyib) var. Bu layihələr üzrə portfel isə 917 milyon avro (20 milyon avro çox), əməliyyat aktivləri 693 milyon avro (14 milyon avro çox), kumulyativ ödənişləri isə 3,091 milyard avro (62 milyon avro çox) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 90 %-i və yaxud 826 milyon avrosu (17 milyon avro çox) infrastruktur layihələrinin, 7 %-i və yaxud 65 milyon avrosu (3 milyon avro çox) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və yaxud 26 milyon avrosu (dəyişməyib) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür.