Dünya Bankı: "Bank sektorunda dollarlaşma dərəcəsi 51 % səviyyəsində sabit qalır"

Maliyyə
  • 11 dekabr, 2021
  • 12:22
Dünya Bankı: Bank sektorunda dollarlaşma dərəcəsi 51 % səviyyəsində sabit qalır

Bu ilin oktyabr ayında Azərbaycan banklarının kredit portfeli aylıq 2,9 %, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % artıb.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Azerbaıjan Monthly Economıc Update– December 2021” bülletenində qeyd olunub.

Bildirilir ki, oktyabrda biznes kreditləri aylıq 82 % artım, istehlak kreditlərində isə 29 % azalma qeydə alınıb. Dollarlaşma dərəcəsi isə 51 % səviyyəsində sabit qalaraq, depozitlər aylıq 1,6 %, illik isə 16,4 % artıb. Bank sektorunun mənfəəti isə aylıq 28 % artıb.

“Manat valyuta satışlarındakı cüzi azalma ilə 1 ABŞ dollarına qarşı 1,7 AZN səviyyəsində sabit qalıb. Oktyabrda Dövlət Neft Fondu valyuta aktivlərinin 540 milyon ABŞ dollarlıq hissəsini satıb ki, bu da, satışların sentyabra nisbətən 3,6 % azalması deməkdir. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları oktyabrda sabit olub, noyabrda isə bir qədər azalıb, ancaq 7,8 aylıq idxal təminatını təmin etməklə sabit qalıb”, - hesabatda qeyd olunub.

Mərkəzi Bankın məlumatına əsasən, bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 34 milyard 963,6 milyon manat təşkil edib. Bu, ötən il noyabrın 1-i ilə müqayisədə 13,95 % çoxdur.

Bankların aktivlərinin 14 milyard 819,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 12,8 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,8 %-dən 42,4 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 15,1 % artaraq 30 milyard 028,8 milyon manata, o cümlədən depozit portfeli 23,8 % artaraq 24 milyard 026,1 milyon manata çatıb. Bunun 8 milyard 713,8 milyon manatı fiziki, 15 milyard 312,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 31,5 % artıb. Banklara xarici valyutada qoyulan depozitlər bu il noyabrın 1-nə 9 milyard 884,4 milyon manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 0,8 % çox, 2021-ci ilin yanvarın 1-nə nisbətən 7 % az, ötən ilin noyabrın 1-nə ilə müqayisədə isə 2,3 % azdır.

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 570,1 milyon manat məbləğində xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti