Dünya Bankı Qrupu (WB) 2020-ci ilin aprelindən bu ilin sonuna qədər pandemiyanın iqtisadi və sosial təsirləri ilə mübarizə aparan ölkələrə kömək etmək üçün 157 milyard ABŞ dollarlıq tarixinin ən böyük böhran əleyhinə vəsaitini ayırıb.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Annual Report 2021” hesabatında bildirilib.
Sənədə əsasən, WB ölkələrə səhiyyə ilə bağlı fövqəladə vəziyyəti həll etməyə, milyardlarla dollar dəyərində tibbi ləvazimatlar almağa, COVID-19 peyvəndlərin yerləşdirilməsinə, səhiyyə sistemini və pandemiyaya hazırlığı gücləndirməyə, yoxsulları və həssas təbəqəni qorumağa, iş adamlarını dəstəkləməyə, iş yerləri açmağa, böyüməni təşviq etməyə və sosial müdafiəni genişləndirməyə kömək edib.
Dünya Bankı COVID-19 xəstəliyinə qarşı peyvəndi üçün mövcud maliyyələşməni iki il ərzində 20 milyard ABŞ dollarına çatdırıb, yalnız bu maliyyə ilində 53 ölkəyə 4,4 milyard ABŞ dolları ayrılıb.
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qlobal Peyvənd və İmmunizasiya İttifaqı (GAVİ), UNICEF ilə birlikdə 140 aşağı və orta gəlirli ölkədə təhlükəsiz paylama mexanizmləri hazırladıq. İnkişaf etməkdə olan ölkələrə peyvəndlərin çatdırılmasını izləmək, əlaqələndirmək və qabaqcadan çatdırmaq üçün IMF, ÜST, ÜTT və digər tərəfdaşlarla birlikdə çalışırıq”, - hesabatda deyilir.