Dünya Bankı ölkələrin investisiya iqliminin qiymətləndirilməsi kriteriyalarını dəyişdirir
- 17 sentyabr, 2021
- 11:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankı Qrupu, daxili araşdırma nəticəsində 2018-2020-ci illərdə Çin, Səudiyyə Ərəbistan və Azərbaycanın ballarının azalmasına səbəb olan islahatlara xələl gətirən məlumat uyğunsuzluqlarını ortaya çıxardıqdan sonra mühüm nəşrlərindən hesab edilən “Doing Business” hesabatını dayandırmağı qərara alıb.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankı Qrupu bəyanat yayıb.
Bildirilir ki, bundan sonra, bank biznes və investisiya mühitinin qiymətləndirilməsi üçün yeni bir yanaşma üzərində çalışacaq.
"Doing Business" hesabatı ölkələri tənzimləyici və hüquqi mühiti, biznes qurma asanlığı, maliyyələşdirmə, infrastruktur və digər biznes mühiti tədbirlərinə əsasən sıralayır.
“Dünya Bankı Qrupunun araşdırmalarına güvənmək çox vacibdir. Dünya Bankı Qrupunun araşdırması, siyasətçilərin hərəkətləri haqqında məlumatlandırır, ölkələrin daha yaxşı məlumatlandırılmış qərarlar almasına kömək edir və maraqlı tərəflərə iqtisadi və sosial inkişafları daha dəqiq qiymətləndirməyə imkan verir. Bu cür araşdırmalar, eyni zamanda özəl sektor, vətəndaş cəmiyyəti, akademik dairələr, jurnalistlər və digərləri üçün dəyərli bir vasitə olub və qlobal problemlərin anlaşılmasını genişləndirməsinə kömək edirdi”, - deyə Bank bildirib.
Ötən ilin iyun ayında 2018 və 2020-ci illəri əhatə edən hesabatlarda bir sıra ölkələr üzrə məlumatların düzgün dəyişdirilməməsi şübhəsi ilə əlaqədar Dünya Bankı rəhbərliyi “Doing Business” icmallarının nəşrinin müvəqqəti dayandırdığını və hesabatın və onun metodologiyasının bir sıra təhlil və yoxlamalara başladığını elan etdi.
“Dünya Bankı Qrupu, özəl sektorun iqtisadi inkişafdakı rolunu artırmağa və bunu dəstəkləyən tənzimləyici mühitin hazırlanması üçün dəstək verməyə qərarlıdır. Gələcəkdə biznes və investisiya mühitini qiymətləndirmək üçün yeni bir yanaşma üzərində çalışacağıq”, - bəyanatda deyilir.
Cümə axşamı yayımlanan müstəqil bir araşdırmaya görə, həmin vaxt Dünya Bankının CEO'su Kristalina Georgieva da daxil olmaqla bankın liderləri, Çinin reytinqini "Doing Business 2018" hesabatında yüksəltmək üçün işçilərə "hədsiz təzyiq" ediblər.
Bankın etika komitəsinin tələbi ilə “WilmerHale” hüquq firması tərəfindən hazırlanan hesabat, Çinin Dünya Bankındakı təsiri və hazırda Beynəlxalq Valyuta Fondunun idarəçi direktoru olan Georgieva, sonra Dünya Bankının prezidenti Cim Yong Kim ilə bağlı narahatlıq doğurur.
Georgieva "Reuters" agentliyinə bildirib ki, hesabatda qeyd olunan "nəticələr və interpretasiyalar" ilə prinsipal olaraq razı deyil və bu barədə IMF-in icra heyətinə məlumat verdiyini bildirib.
IMF və Dünya Bankında ABŞ-ın dominant paylarını idarə edən ABŞ Maliyyə Nazirliyi, "ciddi nəticələr" adlandırdığı hesabatı analiz etdiyini söyləyib.
“WilmerHale” hesabatı, Kimin ofisindəki yüksək vəzifəli işçilərə, hesabatın Çinin balını artırmaq üçün metodologiyasını dəyişdirməsi ilə bağlı "birbaşa və dolayı təzyiq” olduğunu bildirib və bunun böyük ehtimmalla onun tərəfindən reallaşdırılıb.
Hesabatda, Georgieva və əsas məsləhətçi Simeon Dyankov, bankın Çindən böyük kapital artımı üçün dəstək istədiyi bir vaxtda "Çinin məlumat nöqtələrində xüsusi dəyişikliklər etməsi" və sıralamasını yüksəltməsi üçün işçilərə təzyiq göstərdikləri bildirilir.
Xatırladaq ki, Azərbaycanın, "Doing Business 2020" hesabatında ilkin araşdırılmalara görə, qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-cü idi. Müstəqil araşdırmaların nəticələrinə görə, ölkənin mövqeyi 6 pillə yaxşılaşdırılaraq 28-ə yüksəlib. Bununla da ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub».
Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb.