Bu ilun yekununda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin yekunu ilə müqayisədə 5 % çox olacaq.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.
Xatırladaq ki, qurum iyunda açıqladığı hesabatda 2021-ci ildə Azərbaycanda 2,2 % iqtisadi artım olacağını bəyan etmişdi.
Dünya Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,1 %, 2023-cü ildə isə 2,7 % böyüyəcəyini proqnozlaşdırır. Bu isə, iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 0,8 % və 0,7 % azdır.
Xatırladaq ki, 2021-ci ilin 8 ayında Azərbaycanın ÜDM-si real ifadədə 3,6 %, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5,7 % artıb. Qeyri neft-qaz sənayesində 18,7 %, kənd təsərrüfatında 5 %-lik iqtisadi artım baş verib.
Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.
Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın ÜDM-nin artım tempini 2,2 %, gələn il üçün isə 2,5 % səviyyəsində proqnozlaşdırır.