Dünya Bankı: “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası Azərbaycan üçün strateji prioritetdir"

Dünya Bankı: “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası Azərbaycan üçün strateji prioritetdir" Bu gün Azərbaycanda 560 minə yaxın müxtəlif dərəcədə əlilliyi olan şəxs (əhalinin 5,6 %-i) var ki, onların da 10 %-i uşaqlardır
Maliyyə
2 Dekabr , 2022 14:19
Dünya Bankı: “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası Azərbaycan üçün strateji prioritetdir
Sara Maykl

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür. Bu gün görünən və görünməyən əngəllərə malik olan ailə üzvlərimizin, qonşularımızın, dostlarımızın və həmyerlilərimizin çoxsaylı töhfələrini tanımaq və bayram etmək üçün bir fürsətdir. Bu gün həm də bizim bir cəmiyyət olaraq gənc və ya yaşlı olmasından asılı olmayaraq əlilliyi olan bütün şəxsləri həyatın bütün aspektlərinə daha tam şəkildə inteqrasiya etmək üçün nə edə biləcəyimiz barədə düşünmək vaxtıdır.

Bu gün Azərbaycanda 560 minə yaxın (və ya əhalinin 5,6 faizi) müxtəlif dərəcədə əlilliyi olan şəxs var ki, onların da 10 faizi uşaqlardır. Əlillik səviyyəsi digər ölkələrə nisbətən aşağıdır. Bu, ölkənin gənc demoqrafiyası ilə izah oluna bilər. Əhalinin yaşlanması ilə əlilliyin yayılması artır. Əlilliyi olan yetkinlərin əksəriyyəti 50 yaşlarının ortalarında, xərçəng, ürək-damar və dayaq-hərəkət sistemi  xəstəlikləri kimi xroniki naxoşluqların başlandığı dövrdə buna mübtəla olur. Yaşlı əhali arasında psixi sağlamlıq problemləri ilə əlaqəli əlillik də artmaqdadır.

Əlilliyin baş verməsi üçün xəstəliyin və/və ya xəsarətin olması tələb olunsa da, əlillik insanın səhhəti və yaşadığı mühit arasında qarşılıqlı əlaqə ilə müəyyən edilir. Ətraf mühit gündəlik fəaliyyət üçün maneələr yarada, və beləliklə, əlilliyi artıra bilər və ya vasitəçi rolunu oynayaraq (əlçatan fiziki mühit, müsbət münasibət, köməkçi vasitələr və s.) əlillik təcrübəsini yumşalda bilər. Bu tərif Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmışdır və Birləşmiş Millətlər Təşkilatının Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya tərəfindən dəstəklənir.

Azərbaycan Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanı (2008) imzalayan və ratifikasiya edən ilk ölkələrdən biridir. O vaxtdan bəri Azərbaycan Konvensiyanın həyata keçirilməsinə və əlillərin ləyaqətinə və hüquqlarına hörmətin təşviqinə əhəmiyyətli səylər göstərib. Görülən tədbirlərə milli qanunvericiliyə dəyişikliklər, əlilliyin qiymətləndirilməsi sisteminin gücləndirilməsi, əlilliyi olan uşaqların təhsil və digər dövlət xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, ictimai infrastrukturun əlilliyi olan insanlar üçün daha rahat edilməsi daxildir. Azərbaycanın 2022-2026-cı illər üzrə yeni Milli Sosial-İqtisadi İnkişaf Strategiyasında əlilliyi olan şəxslər üçün ictimai infrastrukturun əlçatanlığının yaxşılaşdırılması, gücləndirilmiş sosial yardım və əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası kimi məqsədlər vurğulanır.

Konvensiyanın həyata keçirilməsi mütərəqqi reallaşma prosesidir. Azərbaycan əlilliyi olan şəxslərlə bağlı inklüzivliyi gücləndirmək üçün öz milli və beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün çalışdığı zamanda nəzərdən keçirilməli bir neçə amil mövcuddur:

İnteqrasiya (mainstreaming): Bütün dövlət siyasətləri və proqramları inklüziv olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankının Əlilliyə dair Dünya Hesabatında vurğulandığı və Azərbaycanda həyata keçirilən inklüzivlik səyləri ilə təsdiqləndiyi kimi, əlilliyi olan şəxslərin bütün əsas dövlət siyasət və proqramlarına bərabər çıxışı olmalıdır.

Əlillik statusunun qiymətləndirilməsi: Əlillik statusunun qiymətləndirilməsi əlilliklə bağlı müavinət, xidmət və ya məhsul almaq üçün müraciət edən hər kəsin keçməli olduğu yoxlama prosedurudur. Azərbaycan bu yaxınlarda əlilliyin qiymətləndirilməsi sistemini, o cümlədən əlilliyin müasir anlayışının bəzi elementlərini daxil etməklə gücləndirmişdir. Qiymətləndirmə sistemini daha da inkişaf etdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş şəkildə sınaqdan keçirilmiş və tövsiyə olunan əlillik təcrübəsinin ölçülməsi yanaşmasını sınaqdan keçirməyi planlaşdırır. Dünya Bankı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycan Çevik Texniki Yardım Mexanizmi çərçivəsində bu tədqiqatın aparılmasında Nazirliyə kömək göstərəcək.

Əlilliyi olan şəxslərin ehtiyaclarının qiymətləndirilməsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin ehtiyaclarının qiymətləndirilməsinin təkmilləşdirilməsi yollarını axtarır. Bu, Azərbaycana əlillik vəziyyətinin və ehtiyacların qiymətləndirilməsini inteqrasiya etməyə, dövlət xidmətlərini daha yaxşı planlaşdırmağa və monitorinq etməyə kömək edəcək. Amma qeyd etmək lazımdır ki, ehtiyacların qiymətləndirilməsi sisteminin uğurlu olması üçün güclü qiymətləndirmə alətləri və metodologiyası, habelə onları həyata keçirmək üçün yaxşı təlim keçmiş kadrlar tələb olunur.

Əlilliyi olan şəxslər üçün xidmətlər: Əlilliyi olan şəxslər tibbi reabilitasiya, köməkçi texniki vasitələr, peşə reabilitasiyası, psixososial məsləhət və dəstək, işarə dili tərcüməsi, bələdçi itlər və s. daxil olmaqla müxtəlif xidmətlərə ehtiyac duyurlar. Bu xidmətlərin bəziləri Azərbaycanda mövcuddur, lakin onların bir çoxu yeni yaranmaqdadır və ya mövcud deyil. Bu xidmətlərin göstərilməsi dövlət satınalmaları prosesi vasitəsilə lisenziyalaşdırılmış və attestasiyadan keçmiş özəl xidmət təminatçıları ilə müqavilə əsasında həyata keçirilə bilər.

Əlilliyi olan şəxslərin əmək bazarına daxil edilməsi: Bir çox əlilliyi olan insanlar işləmək istəyirlər. Lakin bütün dünyada onların əmək bazarında iştirakı aşağı səviyyədədir. Problemi həll etmək üçün təkmilləşdirilmiş xəstəliyə görə məzuniyyət siyasəti, iş yerində şəraitin yaradılması, çevik iş qrafiki, bacarıqların təkmilləşdirilməsi və s. kimi fəal əmək bazarı siyasətləri işləmək istəyən əlilliyi olan şəxslərə fokuslanmalı və onlara dəstək olmalıdır. Uşaqlıqdan əlil olan böyüklər və işləməyə davam etmək istəyən əlilliyi olan yaşlı insanlar xüsusi uyğunlaşdırılmış aktiv əmək bazarı siyasətlərinə ehtiyac duyurlar.

2022 - 2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsi və əlilliyi olan şəxslərə dəstək siyasətlərinin qəbulu Azərbaycana Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya çərçivəsində öz öhdəliklərini tam həyata keçirilməyə və əlilliyi olan şəxslərin rifahını yaxşılaşdırmağa imkan verəcək. Biz, Dünya Bankı olaraq bu mühüm gündəliyi dəstəkləmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq.

Xüsusi olaraq "Report" üçün Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael)  və Dünya Bankının sosial müdafiə üzrə mütəxəssisi Mariyana Yasarevic (Marijana Jasarevic)

Son xəbərlər

Orphus sistemi