Dünya Bankı 2050-ci ilədək Azərbaycanın potensial iqtisadi artım ssenarilərini təklifl edir

Maliyyə
  • 28 noyabr, 2022
  • 08:59
Dünya Bankı 2050-ci ilədək Azərbaycanın potensial iqtisadi artım ssenarilərini təklifl edir

Dünya Bankı Azərbaycanın növbəti otuz illikdə potensial iqtisadi artımının bir neçə ssenarisini təklifl edir.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında deyilir.

“Baza simulyasına görə, ÜDM-nin illik artım tempinin 2020-ci illərin ortalarında qeydə alınan təxminən 1,5 %-dən uzun müddətdə sıfıra enəcəyi proqnozlaşdırılır. Nəticə etibarı ilə, adambaşına düşən ÜDM 2050-ci ilə qədər 7 000 ABŞ dollarından aşağı olmağa davam edəcək ki, bu da Azərbaycanda sosial-iqtisadi inkişafı məhdudlaşdıracaq”, - hesabatda deyilir.

Bankın iqtisadçıları hesab edir ki, birincisi, iqtisadi yavaşlama mənfi demoqrafik tendensiyalar və neft ehtiyatlarının azalması kimi struktur şərtlərdən qaynaqlanır: “Bu maneləri siyasətlə dəyişmək çətindir, ona görə də artımı canlandırmaq baxımından digər fundamental göstəriciləri yaxşılaşdırmaq üçün iqtisadi islahatlara ehtiyac var. İkincisi, nümunə kimi seçilmiş ölkələrlə müqayisədə Azərbaycan əsasən məhsuldarlıq və özəl investisiyalar baxımından geri qalır ki, bu da özəl sektor vasitəsilə stimullaşdırılan iqtisadi artım üçün müəyyən potensialın olduğunu göstərir. Bu əsaslara yönəlmiş iddialı islahatlar paketi uzunmüddətli illik ÜDM artımını təxminən 1,7 faiz bəndi artıra bilər. Bu halda adambaşına düşən ÜDM 2050-ci ilə qədər 10 000 ABŞ dollarını keçəcək”.

Dünya Bankının araşdırmasına görə, baza simulyasiyasının əsas fərziyyəsi ondan ibarətdir ki, artımın hərəkətverici qüvvələrindəki son tendensiyalar 2050-ci ilə qədər davam edəcək. Bu tendensiyalar aşağıdakılardır:

- Azərbaycanın təxminən səkkiz illik neft ehtiyatları və bir neçə onillik təbii qaz ehtiyatları var;

- fiziki kapitala tarixən yüksək investisiya qoyuluşunun gələcəkdə azalacağı gözlənilir;

- əhalinin artımı kəskin şəkildə azalır və əhali sürətlə qocalır;

- insan kapitalının artımı 2035-ci ilə qədər sıfıra yaxın olmağa davam edəcək və indiki uşaqlar işçi qüvvəsinə qoşulduqda 0,2 %-ə yüksələcək;

- qeyri-enerji sektorunun məhsuldarlığının yuxarı orta gəlirli ölkələrin son iyirmi ildəki median artım tempinə uyğunlaşması üçün 2050-ci ilə qədər illik 0,5 % səviyyəsində müəyyən edilib.

Hesabata görə, iqtisadi inkişaf modelinin sabit qaldığı ssenari yavaş və azalan artım tempini göstərir. Baza artım trayektoriyasına əsasən, Azərbaycanın ÜDM-in artımı 2024-2050-ci illər ərzində orta hesabla cəmi 0,5 % olmaqla, 2024-cü ildəki 1,5 %-dən 2050-ci ilə qədər sıfıra enəcək. Adambaşına düşən artım proqnozu bundan da az ürəkaçandır. Adambaşına düşən ÜDM artımının start dövr üçün 1 %-dən bir qədər aşağı olmaqla 2030-cu illərin ortalarına qədər sıfıra yaxınlaşacağı proqnozlaşdırılır. Nəticədə, adambaşına düşən ÜDM 2020-ci ildəki 5 900 ABŞ dollarından 2050-ci ildə 6 500 ABŞ dollarına yüksələcək ki, bu da 30 il ərzində cəmi 11 % ümumi artım deməkdir.

“Ümumi artım tempi sektorlar arasında artım tempindəki əhəmiyyətli müxtəlifliyi gizlədir. İlkin proqnoz həm enerji, həm də qeyri-enerji sektorlarında artım templərinin azaldığını göstərsə də, yavaşlama enerji sektorunda daha kəskindir. Qeyri-enerji ÜDM-in 2050-ci ilə qədər orta hesabla 1,6 % artacağı, 2020-ci illərdəki 2 %-dən 2040-cı illərdə 1,3 %-ədək azalacağı proqnozlaşdırılır. Digər tərəfdən, enerji sektorunun eyni dövr ərzində orta hesabla 2,3 % azalacağı, 2020-ci illərdə sıfıra yaxın artımdan 2040-cı illərdə -3,5 %-ə düşəcəyi və sektorun iqtisadiyyatdakı əhəmiyyətli roluna görə nəticədə, ümumi ÜDM artımını aşağı çəkəcəyi proqnozlaşdırılır”, - hesabatda deyilir.

Dünya bankı hesab edir ki, islahatlar paketinin yaratdığı əlavə artımın mühərriki qeyri-enerji sektoru olacaq. İslahatlar paketi 2050-ci ilə qədər qeyri-enerji ÜDM-nin artımını təxminən 2 faiz bəndi artıracaq. Digər tərəfdən, islahatlar paketi uzunmüddətli perspektivdə enerji sektorunda daralmanın qarşısını ala bilməyəcək.

“Bunun iki əsas səbəbi var. Birincisi, islahatlar paketi energetika sektorunun artımına əsas maneə olan neft və təbii qaz ehtiyatlarının azalmasına ünvanlanmayacaq. İkincisi, islahatlar paketi enerji sektoruna nisbətən qeyri-enerji sektorunun məhsuldarlığını artırır. Məhsuldarlıqdakı fərq əlavə investisiyaları qeyri-enerji fəaliyyətlərinə yönəldir ki, bu islahatların enerji sektoruna təsirini daha da azaldır.

Qeyri-neft-qaz sektorunda məhsuldarlığı struktur oxşarlığı olan ölkələrlə eyni səviyyəyə qədər çatdırması və insan kapitalının yaradılması ilə Azərbaycan orta artım tempini 2024-2050-ci illərdə ən azı 1,7 faiz bəndi yüksəldə bilər. Bununla da mövcud artım trayektoriyası ilə müqayisədə orta statisitk Azərbaycan vətəndaşının ən azı 40 % daha zəngin ola bilməsi mümkündür. Struktur transformasiyanı sürətləndirən və qeyri-səmərəliliyi azaldan daha iddialı islahatlar kompleksi məhsuldarlığı və orta gəlirləri daha çox artıra bilər”, - hesabatda vurğulanır.

İslahatlar paketinə əsasən, adambaşına düşən ÜDM-in 2020-ci ildəki 5 880 ABŞ dollarından 2050-ci ildə 10 213 ABŞ dollarına yüksələcəyi proqnozlaşdırılır. Bu, baza ssenaridə əks olunan 11 %-lə müqayisədə 74 % məcmu artım deməkdir. Hətta islahatlar paketi çərçivəsində adambaşına düşən enerji ÜDM-nin kəskin şəkildə aşağı düşəcəyinə baxmayaraq, adambaşına düşən qeyri-enerji ÜDM-in həcmi 2020-ci ildən 2050-ci ilə qədər 3 499 ABŞ dollarından 8 912 ABŞ dollarına (155 %-lik artım) yüksələcək, Dünya Bankı bildirir.

Son xəbərlər

Bütün Xəbər Lenti