Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə 40 mindən çox bildiriş daxil edilib

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə 40 mindən çox bildiriş daxil edilib Bu günə qədər Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə ölkədə və xaricdə fəaliyyət göstərən 700-dən artıq istifadəçi tərəfindən 40 mindən çox bildiriş daxil edilib.
Maliyyə
237
9 Aprel , 2020 14:56
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə 40 mindən çox bildiriş daxil edilib

Bu günə qədər Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə ölkədə və xaricdə fəaliyyət göstərən 700-dən artıq istifadəçi tərəfindən 40 mindən çox bildiriş daxil edilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin reyestr bölməsinin rəhbəri Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, istifadəçilər əsasən dövlət reyestrində istehlak malları, mebel, zinət əşyaları və ev heyvanları kateqoriyalarından istifadə edib.

Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin 2.3.2-ci tədbirinə uyğun olaraq yaradılıb. 

Reyestr 2018-ci il martın 15-də istifadəyə verilib. 

Dövlət reyestri əmlak üzərində girov və digər yüklülük haqqında məlumatları əks etdirən onlayn məlumat bazasıdır. Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır.

Reyestr KOS subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Reyestr maliyyə qurumlarını KOS subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş şəffaf məlumatlarla təmin edir və bununla da, banklar təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqda məlumat əldə edir. Reyestr habelə banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verir. Bundan başqa, reyestr banklara iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır.

Son xəbərlər

Orphus sistemi