​Çin yuanın devalvasiyasına başlayıb

​Çin yuanın devalvasiyasına başlayıb Çin Mərkəzi Bankı son 20 ildə ən böyük gündəlik devalvasiyaya əl atıb
Maliyyə
11 Avqust , 2015 11:20
​Çin yuanın devalvasiyasına başlayıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bu gün Çində milli valyuta - yuan rekord həddə devalvasiyaya uğrayıb. Çin iyul ayında ixracdakı kəskin azalmadan sonra yuanı devalvasiya etmək qərarına gəlib. Bu, son 20 ildə ən böyük gündəlik devalvasiya olub. Çin Mərkəzi Bankı yuanın məzənnəsini 1,9% zəiflədib. "Report" xəbər verir ki, Bank bu addımın birdəflik olduğunu və yuanı münasib səviyyədə saxlamaq istədiklərini bildirib.

"Australia & New Zealand Banking Group Ltd." bankının Sinqapur şöbəsinin strategiya eksperti Xun Qoh (Khoon Goh) qeyd edib ki, Çin Mərkəzi Bankının bu addımı sabit məzənnə sistemi dövrünün bitdiyini göstərir.

Qeyd edək ki, son illərdə Çin Mərkəzi Bankı milli valyutası yuanı rəsmi ehtiyat valyutası statusunu qazanmaq və kapital çıxışlarının qarşısını almaq üçün sabit və möhkəm saxlayıb. Nəticədə, Çinin valyuta ehtiyatları 300 mlrd. dollar azalıb, yuan isə inkişaf etməkdə olan ölkələr arasında ən güclü valyutaya çevrilib. Bu, Çinin ixracdakı rəqabət gücünü azaldıb.

"Bloomberg Intelligence" agentliyinin Asiya bazarları üzrə baş iqtisadçısı Tom Orlik öz araşdırmasında qeyd edib ki, Çin indiki vəziyyətdə ixracı dəstəkləmək fikrində olsa da, kapital çıxışını da əngəlləməyi diqqətdən qaçırmır və buna görə də yuan üçün optimal məzənnə axtarışındadır. Xatırladaq ki, devalvasiya sonrasında dollar 6,2298 yuana yüksəlib.

"Devalvasiyanın hər bir faizi Çindən 40 mlrd. dollar kapitalın kənara çıxmasına səbəb olur. Devalvasiya Çindən kapital çıxışını sürətləndirsə də, 3,69 trln. dollar həcmində valyuta ehtiyatları ilə Çin hökuməti bu problemi idarə edə biləcək", - deyə T.Orlik bildirib.

Qeyd edək ki, iyul ayında Çinin ixracı illik müqayisədə 8,3% azalıb.

Son xəbərlər

Orphus sistemi