Azərbaycanın sənaye müəssisəsinin səhmləri dövlət qeydiyyatına alıb
- 04 fevral, 2022
- 11:29
Azərbaycan Mərkəzi Bankı “Baku Steel Company” QSC-nin (BSC) səhm emissiyasını dövlət qeydiyyatına alıb.
“Report” xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 360 min ədəd səhmdən gedir.
Qiymətli kağızlar ötən ay təşkilati hüquqi formasını MMC-dən QSC-yə dəyişmiş poladəritmə müəssisəsinin 36 milyon manatlıq nizamnamə kapitalını formalaşdıracaq.
Xatırladaq ki, BSC-nin səhmlərinin 75%-i “Politon” MMC-yə, 25%-i isə Əli Kərimova məxsusdur. “Politon”un direktoru isə İman Nəsirulla oğlu Quliyevdir ki, o həm də BSC-nin son nəzarətçisidir.
“Baku Steel Company” “Baku Oxygen Company” ASC-nin səhmlərinin hamısına, “Azertekrargarametal” ASC-nin səhmlərinin 98,8%-nə, “Bakelektroqaynaq” ASC-nin səhmlərinin 97,9%-nə, “Baku Steel Construction” ASC-nin səhmlərinin 80%-nə, “Bakı Elektro Ştamp” ASC-nin səhmlərinin 80%-nə, “Xəzərboru” ASC-nin səhmlərinin 95%-nə, “Azerboru” ASC-nin səhmlərinin 97,4%-nə, “Memar” şirkətinin təsis paylarının isə hamısına nəzarət edir.