Bu gün Bakıda "Visa" beynəlxalq kart təşkilatının, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB), "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin dəstəyi ilə “Visa Cashless Forum” işə başlayıb.
“Report”un media tərəfdaşı olduğu, Azərbaycanda və Qafqazda ilk dəfə keçirilən forumun mövzusu “Driving the Future” yəni "gələcəyə hərəkət"dir.
Tədbiri giriş sözü ilə Visa"nın Qafqaz üzrə regional meneceri Kristina Doroş açıb.
O, foruma dəstək verən bütün tərəfdaşlara təşəkkür edib və “Visa”nın “Facebook” səhifəsi vasitəsilə minlərlə insanın bu tədbiri izlədiyini deyib.
"Biz Qafqazda ilk “Visa Cashless Forum”u Azərbaycanda keçirməyə çox şadıq və bununla fəxr edirik. “Visa” olaraq sahə iştirakçılarının açıq dialoq aparmasının əhəmiyyətini başa düşürük. Bu forum da tərəfdaşlarımızla birgə fəaliyyət göstərəcəyimiz, bilik və təcrübə mübadiləsi aparacağımız, yeni texnologiyaları və istehlak meyllərini müzakirə edəcəyimiz, sahənin və bütövlükdə ölkə iqtisadiyyatının xeyri naminə nağdsız ödənişlərin və innovasiyaların daha da inkişafı üçün birgə fəaliyyətimizin mühüm istiqamətlərini təyin edəcəyimiz birləşdirici platforma olacaq”, - K.Doroş bildirib.
“Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətlər kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqilə bağlı məsələlərin müzakirə olunduğu platformadır. İlk dəfə 2017-ci ildə Ukraynada keçirilən forum sonrakı dövrdə Qazaxıstanda, Serbiyada, Belarusda uğurla təşkil olunub. Bakıda keçiriləcək forumun gündəmindəki başlıca mövzular müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağdsız ödənişləri təşviq edən tənzimləmədir.
Forum çərçivəsində panellər, müzakirələr, təşviq nitqləri, əməli təkliflərin təqdimatları keçiriləcək. İştirakçılar arasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) sədrinin birinci müavini Alim Quliyev, İqtisadi İslahatların Təhlili və Komunikasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Rəqəmli Ticarət Habının rəhbəri Nicat Əsədli, ABA-nın prezidenti Zakir Nuriyev, ABB-nin İH sədrinin müavini Elmir Həbibullayev, "PAŞA Bank"ın baş əməliyyat direktoru Cəlal Orucov, "Unibank" ASC-nin İH-nin sədri Faiq Hüseynov, "Bank Respublika" ASC-nin İH sədrinin müavini Elnur Həsənov, "Kapital Bank"ın Marketinq və məhsullar idarəsinin baş direktoru Samir Məmmədov, həmçinin şirkətin müxtəlif bölmələrinin rəhbərləri, xarici ölkələrdən ekspertləri var.