Bakıda Ali Audit Qurumları Təşkilatının İdarə Heyətinin iclası keçirilib

Bakıda Ali Audit Qurumları Təşkilatının İdarə Heyətinin iclası keçirilib Bu gün Bakıda Hesablama Palatasının (HP) ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) İdarə Heyətinin 25-ci, ECOSAI-ın Təlim Komitəsinin 20-ci Toplantısı keçirilib.
Maliyyə
6 Dekabr , 2021 10:56
Bakıda Ali Audit Qurumları Təşkilatının İdarə Heyətinin iclası keçirilib

Bu gün Bakıda Hesablama Palatasının (HP) ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) İdarə Heyətinin 25-ci, ECOSAI-ın Təlim Komitəsinin 20-ci Toplantısı keçirilib.

"Report" xəbər verir ki, toplantıdan əvvəl ECOSAI-ın İdarə Heyətinin (İH) və Təlim Komitəsinin toplantısının iştirakçıları Fəxri Xiyabanda olub, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub və Şəhidlər Xiyabanını ziyarət edib.

Sonra HP-nin sədri Vüqar Gülməmmədov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, ECOSAI-ın üzv Ali Audit Qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinin region üzrə ümumi fəaliyyətlərdə verdiyi töhfə barəsində məlumat verib.

ECOSAI-ın Prezidenti olan Qazaxıstanın Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsinin üzvü cənab Nurlan Nurcanov açılış nitqi söyləyərək toplantının ümumi məqsədi barədə danışmış və toplantı iştirakçısı olan ali audit qurumlarını 2022-ci ilin avqust ayında keçiriləcək ECOSAI-ın Assambleyasına dəvət edib.

Toplantının qəbul edilmiş Gündəliyinə əsasən ECOSAI-ın Baş Katibinin 2019-2020-ci il üzrə fəaliyyət hesabatı və 2019 - 2020-ci illər üzrə ECOSAI-ın illik hesabları təqdim edilib.

ECOSAI-ın Təlim Komitəsinin 20-ci toplantısında isə Təlim Komitəsinin hesabatından sonra ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında Pakistan AAQ-ının məlumatı dinlənilib, üzv AAQ-lar arasında imzalanmış Anlaşma Memorandumları haqqında, ECOSAI-ın təlim fəaliyyətləri və ECOSAI-ın rəsmi internet səhifəsində xəbərlərin yerləşdirilməsi barədə müzakirələr aparılıb.

V.Gülməmmədov Toplantı iştirakçılarına səmərəli əməkdaşlıq üçün təşəkkürünü bildirib.

1994-cü ildə yaradılmış ECOSAI təşkilatının əsas məqsədi üzv ölkələrin Ali Audit Qurumları arasında bilik və təcrübə mübadiləsi, habelə seminar, konfrans, praktik məşğələlər və təlim kursların keçirilməsi ilə dövlət sektorunda auditin inkişafına xidmət etməkdir.

HP 2002-ci ilin sentyabrından ECOSAI-ın, 2016 və 2019-cu illərdə isə 3 illik müddətə təşkilatın İH-nin üzvü seçilib.

Son xəbərlər

Orphus sistemi