“Azərpoçt” debit kartı buraxır
- 01 fevral, 2018
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 fevral. REPORT.AZ/ “Azərpoçt” MMC ilk dəfə “Debit MasterCard” ödəniş kartlarının emissiyasına başlayıb.
Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Məlumata görə, ilkin mərhələdə 20 min kartın personallaşdırılması nəzərdə tutulub. Buraxılacaq debit kartlar kontaktsız olacaq. Bu tip kartlarla həyata keçirilən əməliyyatlar zamanı müştərilərin kart hesabına tətbiq olunan rüsumlar digər kart tiplərinə nisbətən daha ucuzdur.
Hər bir fiziki şəxs “Debit MasterCard” tipli ödəniş kartını əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlərlə “Azərpoçt”un müştəri xidmətləri şöbələrinə müraciət edə bilər. Kartı əldə edən istənilən korporativ və fərdi müştəri üçün rüsumlar 1 illik - 10 manat, 2 illik 18 manat, 3 illik - 24 manat təşkil edir.
“Azərpoçt” MMC ilə əməkhaqqı layihəsində iştirak edən müəssisələrin əməkdaşları üçün rüsumlar 1 illik - 8 manat, 2 illik - 15 manat, 3 illik - 21 manatdır.