Yaxın günlərdə “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının 10 milyon ABŞ dolları məbləğində II tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir.
Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən qiymətli kağızlar standart bazar seqmentində listinqə daxil edilib. Onlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. İstiqrazların illik gəlirliliyi 4 %-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10 %-i qədər vergi ödəməli olacaqlar.
Xatırladaq ki, bu növ istiqrazların 10 milyon dollarlıq I tranşı bu il sentyabrın 24-də yerləşdirilib. İstiqrazlara 40 investor qiymət intervalı 100 ABŞ dolları (4.00 %) və 102,8587 ABŞ dolları (3.00 %) olan 88 sifariş təqdim edib. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,81 ABŞ dolları (3,71 %), orta ölçülmüş qiyməti isə 101,7493 ABŞ dolları (3,38 %) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 592 600 ABŞ dolları təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.