Azərbaycanın xarici ticarət dövriyyəsi bu il 25% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi bu il 25% artıb Xarici ticarət dövriyyəsinin müsbət saldosu 4 dəfə azalıb
Maliyyə
15 May , 2015 15:18
Azərbaycanın xarici ticarət dövriyyəsi bu il 25% artıb

Bakı. 15 may. REPORT.AZ/ Bu ilin birinci rübündə Azərbaycandakı hüquqi və fiziki səxslər xarici dövlətlərlə 5 812,1 mln. ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əmtəə dövriyyəsinin 58,2%-ni (3 383,7 mln. dollar) ölkədən ixrac olunmuş mallar, 41,8%-ni (2 428,4 mln. dollar) isə idxal məhsulları təşkil edib və ixracın idxalı üstələməsi nəticəsində 955,3 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin ilk rübü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 24,7%, o cümlədən ixrac 20,8%, idxal isə 36,6% artıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsinin müsbət saldosu təxminən 4 dəfə azalıb.

Əmtəə mübadiləsinin 9,4%-i və ya 548,4 mln. dolları MDB ölkələri, 46,4%-i və ya 2 697,0 mln. dolları Avropa İttifaqı ölkələri ilə, 44,2%-i və ya 2 566,7 mln. dolları digər dövlətlərlə aparılıb.

Ölkəyə idxal olunan malların 19,4%-i (470,1 mln. dolları) MDB, 25,4%i (617,5 mln. dollar) Avropa İttifaqı, 55,2%-i (1 340,8 mln. dollar) digər dövlətlərin payına düşüb.

Azərbaycanın ixrac etdiyi malların 2,3%-i (78,3 mln. dollar) MDB, 61,5%-i (2 079,5 mln. dollar) Avropa İttifaqı, 36,2%-i (1 225,9 mln. dollar) digər dövlətlərə göndərilib.

Cari ilin I rübündə qeyri-neft məhsullarının ixracı keçən ilin eyni dövrünün göstəricisini 38,9% üstələyərək 474,2 mln. dollar təskil edib. Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 53,5%, digər sənaye təyinatlı malların ixracı isə 61,3% artıb.

Son xəbərlər

Orphus sistemi