Azərbaycanın investisiya şirkətlərinin aktivləri 12 % artıb

Azərbaycanın investisiya şirkətlərinin aktivləri 12 % artıb Ötən il Azərbaycanda investisiya şirkətlərinin aktivləri əvvəlki illə müqayisədə 12 % artaraq 121 milyon manat təşkil edib.
Maliyyə
17 May , 2024 19:58
Azərbaycanın investisiya şirkətlərinin aktivləri 12 % artıb

Ötən il Azərbaycanda investisiya şirkətlərinin aktivləri əvvəlki illə müqayisədə 12 % artaraq 121 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, ötən il investisiya şirkətlərinin öhdəlikləri isə 9 % artaraq 75 milyon manata, balans kapitalı isə 46 milyon manata çatıb.

Bildirilib ki, investisiya şirkətlərinin müştəri aktivləri əvvəlki illə müqayisədə 29 % artaraq 1,6 milyard manata çatıb.

Hesabatda qeyd olunub ki, müştəri aktivlərində artımın əsas səbəbi xarici bazarda broker xidmətləri olub. Belə ki, hesabat ili ərzində xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 27 % artıb. Sektor üzrə müştəri aktivlərinin artımı müsbət hal olsa da, sektorda müştəri aktivləri üzrə yüksək təmərküzləşmə mövcuddur, AMB qeyd edir.

Bildirilir ki, investisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilib. Belə ki, 2023- cü il ərzində investisiya şirkətlərinin xalis mənfəəti 7,7 milyon manat olub, bu da 2022-ci ilin sonu ilə müqayisədə 16 % azdır. Sektor üzrə xalis mənfəətin azalması fonunda aktiv və öhdəliklərin artımı mənfəətlilik göstəricilərində azalmanı şərtləndirib. Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə ROA (aktivlərin gəlirliliyi) göstəricisi 2 faiz bəndi azalaraq 6,4 %-ə, ROE (kapitalın gəlirliliyi) göstəricisi isə 6,7 faiz bəndi azalaraq 16,5 %-ə enib.

AMB-nin hesabatında vurğulanıb ki, investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2023-cü ilin sonuna olan məlumatlara əsasən sektor üzrə məcmu kapital 42,6 milyon manat, tələb olunan kapital isə 5,3 milyon manat təşkil edib. Bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir, hesabatda bildirilir.

Son xəbərlər

Orphus sistemi