Azərbaycanın bank sektorunun aktivləri 13 % artıb

Maliyyə
  • 19 aprel, 2023
  • 10:21
Azərbaycanın bank sektorunun aktivləri 13 % artıb

Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44 milyard 843,2 milyon manat təşkil edib.

"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 13 % çoxdur.

Bankların aktivlərinin 18 milyard 843,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,25 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,2 %-dən 42 %-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,3 % artaraq 38 milyard 993,9 milyon manata, o cümlədən depozit portfeli 13 % artaraq 31 milyard 933,2 milyon manata çatıb. Bunun 11 milyard 719,5 milyon manatı fiziki, 20 milyard 213,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı  vəsaitləri 14,9 %, şirkətlərin banklardakı vəsaitləri isə 11,9 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 62,5 % azalaraq 118,9 milyon manat olub.

Sektorun balans kapitalı isə 18,4 % artaraq 5 milyard 849,3 milyon manat təşkil edib.