Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 503,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 1,4% çoxdur.
Bankların aktivlərinin 12 901 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,9% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,5%-dən 42,3%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 1,3% artaraq 25 848,1 milyon manata, o cümlədən depozit portfeli 1,7% artaraq 19 367,4 milyon manata çatıb. Bunun 7 675,4 milyon manatı fiziki, 11 692 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,4% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 10,6% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,4 dəfə artaraq 382,2 milyon manat olub.
Sektorun balans kapitalı isə 1,6% artaraq 4 655,3 milyon manat təşkil edib.