Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə gəlirlərinin strukturu açıqlanıb

Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə gəlirlərinin strukturu açıqlanıb Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 % çoxdur.
Maliyyə
24 May , 2024 22:40
Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə gəlirlərinin strukturu açıqlanıb

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət büdcəsinin gəlirlərinin 48,9 %-i və ya 17 milyard 769 milyon manatı neft sektorunun, 51,1 %-i və ya 18 milyard 584 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat və ya 3,5 % artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 %) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1 milyard 575 milyon manat və ya 9,3 % artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1 milyard 504 milyon manat (8,8 %) çoxdur.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 %) təşkil edəcəkdir.

Dövlət büdcəsi gəlirlərinin 15 milyard 270 milyon manatı və ya 42 % İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 6,4 milyard manatı və ya 17,6 %-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12 milyard 781 milyon manatı və ya 35,1 %-i Dövlət Neft Fondundan transfertin, 831 milyon manatı və ya 2,3 %-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821 milyon manatı və ya 2,3 %-i sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 %-i isə Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15 milyard 270 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 405 milyon manat və ya 10,1 % çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4 milyard 580 milyon manatı və ya 30 % neft sektorunun, 10 milyad 690 milyon manatı və ya 70 % isə qeyri-neft sektorunun payına düşəcəkdir.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 10 milyard 690 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 800 milyon manat və ya 8,1 %, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 982,1 milyon manat və ya 10,1 % çoxdur.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6,4 milyard manat məbləğinə çatdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500 milyon manat və ya 8,5 % çoxdur.

Mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250 milyon manat, “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na (məqsədli büdcə fondu) isə 25 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi