Azərbaycanda təmir və avtomobil kreditləri ucuzlaşıb

Maliyyə
  • 22 oktyabr, 2021
  • 06:45
Azərbaycanda təmir və avtomobil kreditləri ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı 3 aylıq fasilədən sonra bu il oktyabrın 1-nə istehlak kreditləri üzrə orta illik faiz dərəcələrini açıqlayıb.

"Report"un məlumatına görə, bu növ kreditlərin ən bahalısı kredit kartı vasitəsilə verilən kreditlərdir.

Belə ki, kart kreditlərini manatla illik 25%-lə, ABŞ dolları ilə isə illik 6%-lə götürmək mümkündür. İyulun 1-dən bəri faizlərdə dəyişiklik olmayıb.

III rübdə məişət avadanlıqlarının alınması üçün milli valyuta ilə verilən kreditlərin də illik faiz dərəcəsi dəyişməyib və 21% qalıb.

Əvəzində yaşayış sahələrinin təmiri üçün manatla verilən kreditlərin illik faiz dərəcəsi 22%-dən 20%-ə, avtombil alınması üçün manatla verilən kreditlərin illik faiz dərəcəsi isə 19%-dən 18%-ə düşüb.

Son 3 ayda digər istehlak kreditləri isə bahalaşıb. Belə ki, bu kreditlərin illik faizi manatla verildiyi halda 20%-dən 21%-ə, dollarla verildiyi halda isə 3%-dən 4%-ə qalxıb. Yalnız avro ilə verilən digər istehlak kreditlərinin illik faiz dərəcəsi 4%-dən 3%-ə düşüb.