Azərbaycanda qeyri-həyat sığortası bazarı təxminən 2 %-ə yaxın böyüyüb
- 30 noyabr, 2024
- 08:06
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 501,745 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 7,7 % artaraq 215,695 milyon manata çatıb.
Beləliklə, 10 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43 manatı müştərilərə geri ödənilib. Bu göstərici 1 il bundan əvvəl 40,5 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112,027 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,05 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 622,301 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 36,8 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.