Azərbaycanda qeyri-həyat sığortası bazarı 6 % böyüyüb
- 28 iyun, 2025
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 301,726 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 4,8 % artaraq 109,453 milyon manata çatıb.
Beləliklə, 5 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 36,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 719,353 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,75 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 314,788 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,5 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,7 manat olub.