Azərbaycan Banklar Assosiasiyası (ABA) “Pilot özəl icra sisteminin qurulması” fəaliyyəti ilə bağlı Almaniya və Fransa şirkətləri ilə məsləhətləşmələr aparıb.
“Report” xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Sistemin qurulması Dünya Bankının mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi çərçivəsində nəzərdə tutulub.
Görüşdə “Dünya Bankının European Management Solutıons Germany GmbH” - Almaniya (əsas məsləhətçi) və “İcra Məmurlarının Beynəlxalq İttifaqı” - Fransa şirkətlərinin konsorsiumundan ibarət olan məsləhətçilər iştirak edib.
Məsləhətləşmələrin məqsədi qabaqcıl beynəlxalq təcrübəyə əsasən pilot özəl icra sisteminin yaradılmasına, tətbiqinə və qiymətləndirilməsinə yönəlmiş tövsiyələrin hazırlanmasında Ədliyyə Nazirliyinə dəstək olmaqdan ibarətdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.