Azərbaycanda ödəniş kartlarının sayı 18 % artıb
- 29 aprel, 2023
- 10:48
Bu il aprelin 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 13 milyon 880 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bu il martın 1-i ilə müqayisədə 1,7 %, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7 %, 2022-ci il aprelin 1-i ilə müqayisədə isə 17,9 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 16,6 % artaraq 11,964 milyona, kredit kartlarının sayı isə 27 % artaraq 1,916 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 6,501 milyard manat (illik müqayisədə 58 % çox) və 456 milyon manat (44,3 % çox) təşkil edib.
Bu ilin mart ayında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi illik müqayisədə 2 dəfə artaraq 3 milyard 439 milyon manata çatıb.
Martda ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi debet və kredit kartları ilə əməliyyatların 51,4 %-ni təşkil edib.
Bu il aprelin 1-nə bankomatların sayı illik müqayisədə 2,4 %, POS-terminalların sayı 21,3 % artıb. Bankomatların sayı 3 068 ədəd, onlardan Bakı üzrə 1 591 ədəd təşkil edir, POS-terminalların sayı isə 80 729 ədəddir (Bakı üzrə -54 553).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.