Azərbaycanda nağdsız hesablaşmalar sürətlə artır

Azərbaycanda nağdsız hesablaşmalar sürətlə artır Vüsal Qasımlı: "Gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf ili olmalıdır"
Maliyyə
17 Oktyabr , 2017 10:46
Azərbaycanda nağdsız hesablaşmalar sürətlə artır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı / Report/ Elshan Baba

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda nağdsız hesablaşmaların həcmi sürətlə böyüyür. Bu baxımdan Bakı dünyanın 100 aparıcı şəhəri sırasındadır.

“Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü ilə bağlı keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, paralel olaraq Azərbaycanda dövlət müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunur. Bu iki amil qiymətli kağızlar bazarının inkişafına şərait yaradır: “İstənilən investorun hansısa qiymətli kağızı – səhmi və yaxud istiqrazı alması üçün həmin müəssisədə korporativ idarəetmə olmalıdır, eləcə də şəffaflıq və etimad üçün nağdsız hesablaşmalara ehtiyac var. Azərbaycanda likvidliklə bağlı problem də yoxdur. İlin əvvəlindən ölkədə pul bazası 18% böyüyüb. Hazırda pul bazasının ümumi daxili məhsula nisbəti 13-14%-dir. Bu baxımdan Azərbaycan Türkiyə və Cənubi Koreya kimi ölkələrdən öndədir”.

V.Qasımlı onu da qeyd edib ki, gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf ili olmalıdır və görülən tədbirlər iqtisadiyyata pul axınını təmin edəcək: “Bu nöqteyi-nəzərdən qiymətli kağızlar bazarı real sektora dəstək vermək baxımından mühüm rol oynayacaq”.

Son xəbərlər

Orphus sistemi