Azərbaycanda milli və xarici valyutada əməliyyat aparılması qaydası dəyişib
- 09 avqust, 2023
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Dəyişikliklə rеzidеnt və qeyri-rezident fiziki şəxslərin təqvim ayı ərzində bank hesabı açmadan xarici valyuta vəsaitlərinin köçürməsi üzrə limitlər müəyyənləşdirilib.
Bundan başqa, xarici valyuta vəsaitləri üzrə köçürmə malların idxalını təsdiq edən gömrük bəyannaməsi əsasında aparıla bilər.
Eyni zamanda “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun çərçivəsində özəl tərəfdaşlara dövlət-özəl tərəfdaşlığı layihəsinin maliyyələşdirilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan həddə xarici valyuta vəsaitini və Azərbaycanda əldə etdiyi gəliri qeyri-rezident banklara köçürmək hüququ verilir.
Rezident fiziki şəxslər Azərbaycanın hüdudlarından kənarda ölkə ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə təqvim ayı ərzində cəmi 10 min ABŞ dolları ekvivalentinə qədər məbləğdə pul vəsaitini nağdlaşdıra bilərlər.
Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ qədər vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və yaxud) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılacaq. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 gün ərzində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində AMB-yə təqdim ediləcək.
Yeniliklə rezident fiziki şəxsin yaxın qohumlarına təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinə qədər məbləğdə pul köçürməsi hüququ ləğv edilib.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.