Azərbaycanda kapital bazarına dair yeni qanun layihəsi üzərində iş aparılır
- 21 iyul, 2025
- 15:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda kapital bazarının inkişafı məqsədilə yeni qanun layihəsi üzərində iş aparılır.
Bunu “Report”a açıqlamasında “Paşa Kapital İnvestisiya Şirkəti QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev bildirib.
Onun sözlərinə görə, sənəd Azərbaycan Mərkəzi Bankı (AMB), "Azərbaycan Kapital Bazarları Assosiasiyası" İctimai Birliyi və “Deloitte” şirkəti ilə birgə hazırlanır: “Bu layihə investisiya şirkətlərinə ciddi dəstək olacaq. Məqsədimiz kapital bazarını beynəlxalq standartlara uyğunlaşdırmaq, yerli təcrübəni nəzərə alaraq praktik mexanizmlər formalaşdırmaqdır”.
C.Hacıyev qeyd edib ki, qanunvericilik islahatları ilə yanaşı, rəqəmsallaşmanın təşviqi də vacibdir: “Emitentlər və investorlar üçün bütün proseslər rəqəmsal şəkildə həyata keçirilməlidir. Yəni, investor bazara daxil olmaq üçün fiziki olaraq heç yerə getmədən, məsafədən identifikasiya və ticarət əməliyyatlarını yerinə yetirə bilməlidir. Lakin burada müəyyən risklər mövcuddur və AMB bu prosesin tənzimlənməsi üzərində işləyir”.
O vurğulayıb ki, bu islahatlar kapital bazarının daha sürətli inkişafına təkan verəcək: “Digər ölkələrin təcrübəsi göstərir ki, investorların bazara rahat çıxışı həmin ölkələrdə kapital bazarının inkişaf trayektoriyasını tamamilə dəyişib. Bir neçə addımla investor hesab açır, əməliyyatlarını həyata keçirir və ticarətə başlayır. Bizim də məqsədimiz belə bir mühitin formalaşdırılmasıdır”.