Azərbaycanda ixrac gəlirlərinə 5 illik mənfəət vergisi güzəşti tətbiqi təklif edilir

Maliyyə
  • 06 noyabr, 2026
  • 14:11
Azərbaycanda ixrac gəlirlərinə 5 illik mənfəət vergisi güzəşti tətbiqi təklif edilir

Azərbaycanda istehsal olunan malların və ölkə daxilində göstərilən xidmətlərin ixracından əldə edilən gəlirlərə 5 il müddətinə mənfəət (gəlir) vergisi güzəşti tətbiq edilməsi təklif olunur.

Bu barədə "Report" Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə istinadən xəbər verir.

Layhəyə istinadən, güzəşt ixracdan əldə edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərindəki payına mütənasib hesablanacaq və onun yuxarı həddi 25 % təşkil edəcək.

Təklifə əsasən, dövlət, neft-qaz və maliyyə sektorlarında fəaliyyət göstərən şəxslərin ixrac əməliyyatları bu güzəştdən kənarda saxlanılacaq. Bununla belə, təkrarsığorta fəaliyyəti istisna təşkil edir, yəni təkrarsığorta xidmətlərinin xaricə satışından əldə edilən gəlirlər də vergi güzəştlərinin əhatə dairəsinə daxil ediləcək.

Beləliklə, Azərbaycanda fəaliyyət göstərən təkrarsığorta şirkətləri xarici bazarlara göstərdikləri xidmətlərdən əldə olunan gəlirlər üzrə 5 il müddətində, müəyyən edilmiş həddə mənfəət vergisi güzəştindən yararlana biləcəklər. Bu addım yerli təkrarsığorta xidmətlərinin ixracının stimullaşdırılmasına və ölkənin xidmət ixracı potensialının genişləndirilməsinə yönəlib.

Azərbaycanda mənfəət vergisi 20 % təşkil edir.