Azərbaycanda iqtisadi artım “Fitch Ratings” beynəlxalq reytinqinin proqnozlarını xeyli üstələyib və bu, qeyri-neft-qaz sektorunun inkişaf tempi ilə bağlıdır.
“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
"Fiskal stimul, əlverişli karbohidrogen qiymətləri və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə tədarükün artması sayəsində 2021-ci ildə yüksək baza effektinə (5,6%) baxmayaraq, Azərbaycanın iqtisadi artımı 2022-ci ildə 4,6%-ə çatıb. Beləliklə, iqtisadi artım Fitch-in proqnozunu üstələyib. 2022-ci ildə 0,3 faiz bəndi artıb. Bu və gələn il ərzində agentlik artımın 2,1%-ə qədər azalacağını gözləyir, biz isə orta hesabla 4% daha əhəmiyyətli artım proqnozlaşdırırıq”, - Xaydarşina bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanın iqtisadi artımı əsasən qeyri-neft-qaz sektoru hesabına təmin edilib və burada artım demək olar ki, ikirəqəmli olub və illik müqayisədə 9,1% təşkil edib.
"Biz hesab edirik ki, sonuncu göstərici yeni karantin məhdudiyyətlərinin olmaması, turist axını və fiskal stimulla bağlıdır (hazırda büdcə iqtisadiyyatın stimullaşdırılmasında aparıcı rol oynayır). Qeyri-neft-qaz sektorunun inkişafı sayəsində onun ÜDM-dəki payı Azərbaycanın ən yaxın tarixində ən yüksək səviyyəyə çatacaq. Bizim hesablamalarımıza görə, Qarabağda həyata keçirilən yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artan logistik əhəmiyyəti ölkənin hazırkı inkişaf tempini qoruyub saxlayıb. Neft və qaz sektorunun ÜDM-də payı 2024-cü ildə 70%-ə yaxınlaşacaq. Bu, ölkənin yaxın tarixində ən yüksək səviyyə olacaq”, - iqtisadçı vurğulayıb.
Bankın iqtisadçısı qeyd edib ki, pul köçürmələrinin daxil olması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini şərtləndirən digər amildir. Artan istehlak tələbi, pərakəndə satış və xidmət sahələrinə, o cümlədən qeyri-neft-qaz klasterinə aiddir. Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə fiziki şəxslərdən Azərbaycana daxil olan pul köçürmələri illik müqayisədə 3,2 dəfə artaraq 3,6 milyard dollara çatıb.
Xatırladaq ki, Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2,7%, 2024-cü ildə isə 4,1% səviyyəsində proqnozlaşdırır.