Azərbaycanda icbari sığorta bazarı 6 %-ə yaxın böyüyüb

Maliyyə
  • 28 iyun, 2025
  • 11:17
Azərbaycanda icbari sığorta bazarı 6 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 171,228 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 57,423 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,3 % çoxdur.

Beləliklə, 5 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 33,7 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 719,353 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,75 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 314,788 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,5 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,7 manat olub.

44 - Tezliklə