Azərbaycanda icbari sığorta bazarı 38 % böyüyüb
- 29 may, 2023
- 06:58
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 125,676 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 38,1 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 32,1 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 3,3 % çoxdur.
Beləliklə, 4 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 25,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 34,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 467,53 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 134,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,1 % çoxdur.
4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.