Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
- 26 oktyabr, 2026
- 14:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 34,3 % artaraq 650,712 milyon manata çatıb.
Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 92,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 73,9 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.