Azərbaycanda həyat sığortası bazarı 37 % böyüyüb

Maliyyə
  • 26 iyun, 2023
  • 05:09
Azərbaycanda həyat sığortası bazarı 37 % böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 291,148 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 36,7 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 81,4 % artaraq 94,798 milyon manata çatıb.

Beləliklə, 2023-cü ilin 5 ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 24,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 566,434 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 32,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,2 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,2 manat olub.